AZƏRTAC xəbər verir ki, 2007 aprelin 17-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış şair, tərcüməçi, füzulişünas alim, əməkdar incəsənət xadimi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbiri Birliyin katibi, xalq şairi Fikrət Qoca açaraq yubilyarın məhz öz təxəllüsünə uyğun ömür sürdüyünü diqqətə çatdırmış, arxada qalmış 70 ildə ləyaqətlə yaşadığını, dəyərli əsərlər yazdığını vurğulamışdır.
Yazıçılar Birliyinin sədri Anar A.Vəfalının “Ədəbiyyat qəzeti”nin baş redaktoru kimi fəaliyyətini yüksək qiymətləndirmiş, Natəvan klubunun tək-tək hallarda belə izdihamlı olduğunu, hətta əlavə stullar qoyulduğunu deyərək, bunu yubilyarın şəxsiyyətinə və yaradıcılığına oxucu məhəbbətinin təzahürü kimi dəyərləndirmişdir. Anar yubilyarı Yazıçılar Birliyinin İdarə Heyəti adından təbrik etmiş, ona hədiyyələr vermişdir.
Xalq şairləri Nəriman Həsənzadə, Zəlimxan Yaqub, yazıçı, Prezident təqaüdçüsü Əlibala Hacızadə, professor Qəzənfər Paşayev və başqaları bildirmişlər ki, A.Vəfalı 70 illik ömrünün təqribən yarım əsrini ədəbi-bədii və elmi yaradıcılığa həsr etmışdir. Şeir və poemalardan, dünya xalqları ədəbiyyatından tərcümələrdən ibarət kitabları, dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin ədəbi irsinin xalq yaradıcılığı ilə əlaqəsini tədqiq edən “Füzuli xəlqiliyi” monoqrafiyası, klassik və müasir ədəbiyyatımızın müxtəlif problemlərinə həsr olunmuş çoxsaylı məqalələri işıq üzü görmüşdür. Vurğulanmışdır ki, ömrünün 47 ilini “Ədəbiyyat qəzeti” ilə bağlaması, sıravi əməkdaşlıqdan baş redaktorluğa qədər uzun bir yolu təmkinlə keçməsi Ayaz Vəfalının seçdiyi peşəyə, ədəbiyyata qəlbən bağlılığının bariz nümunəsidir.
Natiqlər yubilyarın publisistik fəaliyyətindən, ədəbi nəslin yetişməsinə qayğısından, təşkilatçılıq bacarığından da danışmışlar. Onun yüksək insani keyfiyyətlərindən söz açanlar xüsusi vurğulamışlar ki, Ayaz Vəfalı hər kəslə öz dilində danışmağı bacaran ağsaqqaldır.
Ayaz Vəfalı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, ona göstərilən etimadı bundan sonra da doğruldacağını vəd etmişdir.