Bioqrafiya
Ayaz Rza oğlu Cəfərov (Ayaz Vəfalı) 1937-ci il aprel ayının 1-də Azərbaycanın Astraxanbazar (indiki Cəlilabad) rayonunun Sabirabad kəndində anadan olub. O, burada orta məktəbi bitirdikdən sonra 1954-1959-cu illərdə ADU-nun Filologiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyətinə 1960-cı ildə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında başlayıb. Sonra texniki katib, ədəbi işçi, Tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, baş redaktorun müavini olub. 1996-cı ildən “Ədəbiyyat qəzeti”nin baş redaktorudur. 1967-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ayaz Vəfalı “Füzuli və folklor” mövzusunda elmi araşdırmalar aparıb. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun qiyabi aspiranturasını bitirib. 1972-ci ildə “Füzuli və folklor” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Bədii yaradıcılığa “Lenin tərbiyəsi uğrunda” çoxtirajlı universitet qəzetində çıxan ilk şeirləri ilə başlayıb. O, mütəmadi olaraq dövri mətbuatda şeirləri, tərcümələri və ədəbi-tənqidi məqalələri ilə çıxış edir.
Ayaz Vəfalı müxtəlif illərdə “İllər və nəsillər”, “Ürək və od”, “Turacın mahnısı”, “Bəlkə onda öyrənmişik” “Özü oda yana-yana” şeirlər kitabının, “Füzuli öyrədir”, “Sənətkar və xalq”, “Füzuli xəlqiliyi” kimi elmi kitabların müəllifidir. O, həmçinin Nəvainin “Leyli və Məcnun” poemasını, T.Şevçenkonun “Kor qadın” poemasını, rus yazıçısı A.Çaykovskinin “Qələbə” siyasi romanını (I cild), dünya xalqlarının atalar sözü və məsəllərindən ibarət “Atalar sözü – ağıl gözü” kitabını Azərbaycan dilinə tərcümə edib.
Ayaz Vəfalı yeni çapdan çıxmış “Yarım əsrlik yol” kitabında 1960-cı ildən “Ədəbiyyat və incəsənət” qəzeti səhifələrində çap olunmuş əsərləri toplanıb.
O, 1984-cü ildə “Azərbaycanın Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Görkəmli şair 1994-cü ildə bir qrup Azərbaycan ziyalılarının dəstəyi ilə yaradılmış “Məhəmməd Füzuli” Beynəlxalq Ədəbi Əlaqələr Fondunun sədridir. O, həmçinin 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və 1997-ci ildən isə Yazıçılar Birliyi Məclisinin üzvü seçilib.