Füzuliyə Vəfalıdan vəfa

Böyük şairimiz Məhəmməd Füzuli haqqında saya gəlməyəcək qədər yazılar və etibarlı araşdırmalar yazılmış, hələ onun şeri, düşüncəsi və şəxsiyyəti çox sayda yazar, fikir adamı və geniş miqyasda tədqiqatçının diqqətini cəlb etmişdir. Ədəbiyyatımızda “fövqəladə diqqət yetirilən birinci sənətkar” olan Füzuli digər keyfiyyətlərindən ən çox yaradıcılığı ilə bu böyük kütləni ardınca apara bilmişdir. Xalqın prinsiplərini, acısını, fikrini və tarixini əks etdirən Füzuli kimi ölməz bir sənətkar, əlbəttə, əsalət arıyan kimsələri həmişə özünə cəlb edir. Onlardan biri də azərbaycanlı bilgin Ayaz Vəfalıdır.

Uzun illərdən bəri ədəbiyyat və sənət sahələrində əmək sərf etməsi ilə tanınmış Ayaz Vəfalı “Füzuli xəlqiliyi” başlıqlı yeni bir əsəriylə Füzulidən öyrənən və Füzulini tanıdanların yürüşünə qatılmışdır. Daha diqqətli və əsabətli ola bilmək üçün söyləyə bilərəm ki, Vəfalı bu kitabı ilə elm binasına yeni və sağlam, dəyərli bir əlavə etmişdir.

“Füzuli xəlqiliyi” kitabı beş bölümdən ibarətdir:

1. Ön söz; 2. Xalq poeziyası – xalq hikməti; 3. Əfsanə və həqiqət; 4. El şeri – söz sehri; 5. Son söz.

Kitabın ön sözündə “Əsl sənətkar xalq üçün yazır” deyə söyləyən Ayaz Vəfalı bəlli olur ki, bu əsas nöqtədən Füzuli dünyasına işıq tutacaqdır. Başqa bir yerdə də rəhmətlik alim Həmid Araslının Nizami mövzusunda bu kimi bir yol seçdiyini bəyənib özü də belə bir metoda üstünlük verdiyini vurğulayır. Buna heç bir söyləyəcəyimiz yoxdur. Əksinə daha doğru bir yoldur. Çünki istənilən mühüm məqsədə çatmaq üçün bu həqiqət müəyyən qaynaqlara əsaslanmalıdır. Belə mənbələr tapılmadıqda araşdırmaçı əlləri bağlı vəziyyətdə dura bilməz və əlbəttə, bir çıxış yolu tapar. Bu da xalqın şifahi ədəbiyyatını diqqətlə araşdırmaqdan və sözügedən şairin bu sərvətə nə qədər yaxın və ya uzaq olduğunu isbat etməkdən ibarətdir.

Beləcə Ayaz Vəfalı etimoloji təhlillərdən yararlanaraq yola çıxmışdır.